Reklam verin!
Bəxtiyar
Nanə Ağamalıyevadan Müsahibə 
«Qarşımdakı insanı sevməsəm, dəyişə bilmərəm»

Aparıcı olmaq uşaqlıq arzusu olub. Amma nədənsə həkimlik sənətini seçib. Yəqin bu insanlara yardım etmək arzusundan irəli gəlib. Zahirən kobud görünsə də, əslində, qəlbən təmiz və zərifdir. Həyatda hər istədiyinə öz gücü və Allahın köməyi ilə nail olub. Elə ATV-yə gəlişi də ad gününə təsadüf edib. Artıq iki ildir ki, ATV-nin 106.3 FM radiosunun ən romantik mahnılarını sizlər üçün səsləndirir. «Bizim səhər»i onun gülərüz siması və maraqlı söhbətləri ilə açıb, «Xalq parad»ı onun təqdimatında sevmisiniz. Biz də bunu nəzərə alıb, Nanə Ağamalıyevanın qəlb aynasına boylandıq…

- Həkim və aparıcı… İki sənəti bir arada cəmləmək çətin olmadı ki?

- Həmişə incəsənət adamı olmaq istəmişəm. Amma atam icazə vermirdi, «aparıcılıq qız sənəti deyil, hərə bir söz danışacaq» deyirdi. 3 il həkim işlədim. Təxminən 2 ay həm həkim, həm də ATV-də «stajor» kimi çalışdım. Günün 14 saatını radioda keçirirdim. İki işi eyni anda görmək çətin gəldi. Çatdıra bilmirdim. İşlədiyim yerdən xalatımı götürüb, işdən ayrıldım. Amma arada vaxtım və həvəsim olanda klinikada da işləyirəm. ATV-də də çoxlarının dişini müalicə etmişəm: Cavidin, Eminin...

- ATV-nin həyatında nə kimi rolu oldu?

- Çox böyük… Birincisi, məni tanıtdı. 5 ilə öyrənəcəklərimi ATV-də 1 ildə gördüm. Tez böyüdüm. İnsan başqalarında eyni üzü görüb, bezir. Amma burada maşallah, insanı darıxmağa qoymurlar. Bir insanda bir neçə üz görmüşəm. Artıq bu məni təəccübləndirmir. Amma ilk günlərdə çox pis təsir edirdi.

- Arxadan vuranın çox olub?

- Rəfiqələrim nankor çıxıblar. Həddindən artıq çox səmimi və ürəyitəmiz insanam. Dostuma cibimin axırıncı qəpiyini də verə bilərəm.

- Bu nankorluq sənin populyarlığından sonra yarandı?

- Tanınandan sonra həm iş baxımından, həm də bəzi səbəblərə görə heç kimlə əlaqə saxlamıram. Bilirəm ki, məşhurlaşandan sonra əhatəmdə olmaq istəyən insanlar daha çoxdur.

- Bu səviyyəyə gəlib çatmağında kimsə sənə dəstək olmadı?

- Çətinliklərim çox olub. Həmişə demişəm, o cür sıxıntı içində, o qədər ciddi nəzarət altında böyüyən bir insan görün gəlib, hara çıxdı… Çünki bizim ailədə televiziyada işləyən insana pis baxırdılar. Söz-söhbətdən qorxurdular. Amma anama təşəkkürümü bildirirəm. Çünki o mənə ən çətin vaxtlarımda dəstək olub. Elə bu günə kimi efirdə bir problem çıxanda da anam atamı sakitləşdirməyi bacarır. Əslinə baxanda böyük riskə getmişəm. Anam dəstək olsa da, çox qorxurdu. Çünki efirə çıxan hər kəs üçün xoşagəlməz söhbətlər gəzməyə başlayır. Böyük məsuliyyətdir. Amma düşünürəm ki, bunun öhdəsindən layiqincə gəlmişəm.

- Problemlərini həll etməkdə kimdən yardım istəyirsən?

- Özüm həll edirəm. Ümumiyyətlə, elə insanam ki, heç kimə etibar etmirəm. Öz cibimə və gücümə güvənirəm. Borc almağı da sevmirəm. Həyatda hər istəyimə nail olmuşam. Eləcə də mənə dərdini danışan insanı istər maddi, istərsə də mənəvi baxımdan əliboş buraxmaram.

- Bəs səni əliboş qaytaran olub?

- Mənim də problemim budur. Həmişə özüm kimi enerjili bir insanın qarşıma çıxmasını istəmişəm. Mən ona öz dərdimi danışım, o da problemlərimə şərik çıxsın. Əfsuslar olsun ki, belə bir insan hələ qarşıma çıxmayıb.

- Dostun yoxdur ki?

- İndi yox... Bir uşaqlıq rəfiqəm vardı. 5 yaşından dostluq edirdik. Xasiyyətimiz tam uyğun gəlməsə də, bacı kimi bir-birimizin mənfi xüsusiyyətlərini də qəbul edirdik. Amma hər kəsə tam dost, rəfiqə deyə bilmərəm.

- Bəlkə bu sənin hansısa pis vərdişindən irəli gəlir?

- Romantikaya çox meyilliyəm. Amma böyüdükcə başa düşürəm ki, romantika insanın öz içində yaratdığı kiçik bir dünyadır. Bunu inkişaf etdirmək lazım deyil. Realist olmağa çalışıram. Amma alınmır.

- Şəxsi «cəbhədə» vəziyyət necədir?

- Sakitçilikdir... Heç özüm də bilmirəm niyə?!

- Yəqin sevginin nə oduğunu sənə göstərən olmayıb?

- Düzünü desəm, özüm buna şərait yaratmamışam. Ümumiyyətlə, qız rəfiqələrimdənsə, oğlanlarla dostluğum daha uğurlu alınır. Bəlkə də bu mənim kişi xasiyyətimdən irəli gəlir. Mənim gündə gedib oğlanla görüşməkdən və ya saatlarla telefonla danışmaqdan xoşum gəlmir.

- Bu sənin insanlara olan etibarsızlığından irəli gəlir?

- Mən hansı insana nə vaxt güvənəcəyimi bilirəm. Amma ürəyimi etibar edə biləcəyim insan yoxdur.

- Deyirlər Nanə kobuddur…

- Baxır kimə qarşı… Deyirlər, lazım gələndə nəcib də ola bilirəm. Amma özüm hiss etmirəm. Həm də qarşımdakı insanı sevməsəm, heç vaxt dəyişmərəm.

- Tək olmaq çətindir. Bəs nədə təsəlli tapırsan?

- Özümü heç vaxt tək saymıram. Həmişə Allahla söhbət edirəm. Allahın sevgisindən təsəlli tapıram. Kiminləsə ünsiyyətdə olub, aldadıb-aldatmadığına şübhə etməkdənsə, tək olub, Allahla danışmaq yaxşıdır.

- Hər insan həyata hansısa bir missiyanı gerçəkləşdirmək üçün göndərilir. Sənin missiyan nədir?

- Mən həqiqətən də hiss edirəm ki, hansısa bir missiyanı həyata keçirmək üçün gəlmişəm. Yekəxanalıq kimi çıxmasın, amma bir insanın həyatına daxil olanda ona uğur gətirirəm. Bir insan düz yolda deyilsə, onu götürüb kənara çəkməyi bacarıram. Bu missiyanı hələ məktəb vaxtlarımdan həyata keçirirəm. Əgər bir insanla dostluq edirəmsə, demək o, artıq mənim adımı daşıyır. Deyirlər: «göstər dostunu, deyim sən kimsən». Əgər o, tutduğu yoldan əl çəkməsə, mən heç vaxt onun arxasınca pis danışmaram. Ən azı özümə hörmət edirəm.

- Necə dincəlirsən?

- Dincəlmirəm. Ümumiyyətlə, dincəlməyi sevmirəm. Demək olar ki, bütün günü özümə hesabat verirəm. Beynim yorğun olur, amma yenə də özlüyümdə nəyisə götür-qoy edirəm. Bir-iki gün təbiət qoynunda olmaq yorğunluğumu atmağa kifayət edir.

- Bu gedişlə tez qocalarsan. 20 ildən sonra özünü necə təsəvvür edirsən?

- Özümü heç vaxt aşağıda təsəvvür etməmişəm. Yalnız zirvədə görürəm. Amma mənə gülürlər. Poliklinikada da işləyəndə həmişə oturub, xəyallar qururdum…

- Karyerana görə nəyi qurban verərdin?

- İşə görə heç nəyi qurban vermərəm. Karyeramı isə ailəmə qurban verə bilərəm. Amma iş insanın həyatında ən vacib amillərdən biridir ki, insanı depressiyadan çıxarır. Efirə çıxıb, tamaşaçı ilə ünsiyyətdə olmaq bütün stresimi atmağa kömək edir.


Bookmark and Share

Açar sözlər:

Yazar: baxo | Tarix: Mart 8, 2008 8:10 | Xəbərlər, Maraqlı | Şərhlər(0) | Baxış sayı: 180

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha